Solbakken: “Bu gün Dembelenin günü idi”

Norveç millisinin baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsinin son turunda Fransaya 1:4 hesablı məğlubiyyəti şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis xüsusilə het-trik edən Usman Dembelenin performansını yüksək qiymətləndirib:

“Aydındır ki, bu gün Dembelenin günü idi. O, topa çox dəqiq zərbələr endirirdi və bu, bizim üçün problem yaratdı. Sol cinah müdafiəçimiz Fredrik Andre Byörkana lazımi dəstəyi göstərə bilmədik. Ona daha çox kömək etməli idik. Buraxdığımız qollardan ikisi dünya səviyyəli idi. Üçüncü qola isə imkan verməməli idik”, – deyə Stol Solbakken FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Fransa millisinin baş məşqçi köməkçisi Gi Stefan isə komandanın əsas çalışdırıcısı Didye Deşamın iyunun 27-də yenidən kollektivə qoşulacağını açıqlayıb.

Xatırladaq ki, Fransa – Norveç oyununda komandanı məhz Stefan idarə edib. Didye Deşam anasının vəfatı səbəbindən vətəninə yollandığı üçün qarşılaşmada iştirak edə bilməyib.

“İlk növbədə fikirlərimiz Didye ilədir. Onun qayıdışını səbirsizliklə gözləyirik və sabah məşqdə bizimlə olacaq. Oyuna gəlincə, etməli olduğumuz işi gördük. Futboldan zövq aldıq, yüksək temp və çoxlu qol epizodları var idi. Bununla belə, bəzi məqamlarda ən yaxşı oyunumuzu sərgiləmədik və bunu düzəltməliyik”, – deyə Gi Stefan bildirib.

Stefan əlavə edib ki, turnir irəlilədikcə rəqiblərin səviyyəsi daha da yüksələcək:

“Turnirdə nə qədər irəli getsək, rəqiblər bir o qədər güclü olacaq. Ayıq-sayıq qalmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: