Stiven Cerrard “Əl-İttifaq”la müqaviləsini yenilədi

“Əl-İttifaq”ın baş məşqçisi, ingilis mütəxəssis Stiven Cerrard Səudiyyə Ərəbistanı klubu ilə əmək müqaviləsini yeniləyib.

Arena.az bu barədə “Əl-İttifaq”ın rəsmi saytına istinadən məlumat verir.

Yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

“Klub olaraq hara istiqamət götürdüyümüzü bilirik və Stivenin bizi daha da irəli aparmasını istəyirik. Uğur üçün heç bir qısa yol yoxdur. Stivenin şəxsi iş etikası, liderlik keyfiyyətləri və layihəyə sadiqliyi klubdakı hər kəsə ən yüksək səviyyədə yarışmaq üçün nə lazım olduğunu göstərdi. Bizim zəngin tariximiz var və mən inanıram ki, biz indi əvvəlki şöhrətimizə qayıtmaq üçün düzgün yoldayıq. Stivenə bu səyahəti davam etdirmək və xüsusi bir şey yaratmaq üçün vaxt və resurs veriləcək”, – deyə klubun prezidenti Samer Əl-Misehal bildirib.

Xatırladaq ki, Cerrardın əvvəlki müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulmuşdu. İngilis mütəxəssis “Əl-İttifaq”ı 2023-cü ilin iyunundan çalışdırır. Sözügedən komanda Cerrardın rəhbərliyi altında bütövlükdə 25 oyuna çıxıb. “Əl-İttifaq” bu görüşlərdə 11 qələbə qazanıb, 7 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 19 turundan sonra “Əl-İttifaq” 25 xalla 8-ci pillədə qərarlaşıb.

“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı olan Stiven Cerrard məşqçilik karyerasına 2017-ci ildə “Liverpul”un gənclər sistemində (U-18/U-19) başlayıb. Daha sonra ingilis mütəxəssis 2019-2021-ci illərdə Qlazqo “Reyncers”ini çalışdırıb. 2021/2022 mövsümündə “Aston Villa”nı çalışdıran Cerrard 2022-ci ilin oktyabrında qeyri-qənaətbəxş nəticələrinə görə istefaya göndərilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: