Futbol üzrə İngiltərə yığmasının keçmiş baş məşqçisi, məşhur isveçli mütəxəssis Sven-Yoran Eriksson 76 yaşında dünyasını dəyişib.
Arena.az bu barədə Erikssonun rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, cari ilin yanvar ayında Eriksson mədəaltı vəzin xərçənginin terminal mərhələsində olduğu haqda məlumat vermişdi.
“Sven-Yoran Eriksson vəfat etdi. Uzun sürən xəstəlikdən sonra Sven-Yoran səhər evdə, ailəsinin əhatəsində canını tapşırdı. Ən yaxın yas tutanlar – qızı Lina, oğlu Yohan həyat yoldaşı Amana və nəvəsi Skay ilə, ata Sven, Erikssonun sevgilisi Yanisetta oğlu Alsides ilə, qardaşı Lars-Erik həyat yoldaşı Yumnonq ilə. Ailə xahiş edir ki, onların təklikdə kədərlənmək istəklərinə hörmətlə yanaşılsın və onlarla əlaqə saxlanılmasın”, – Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar mütəxəssisin rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.
Buna rəğmən, xəbərdən hali olmuş bütün kəslər – başda İngiltərə yığmasının təmsilçiləri olmaqla, Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar öz başsağlıqlarını mərhumun ailəsinə ünvanlayıblar.
Daha əvvəl, isveçli mütəxəssis “Liverpul”un pərəstişkarı olduğunu etiraf etmiş və həmişə “qırmızılar”ı çalışdırmaq istədiyində olduğunu bildirmiş, fəqət bunun mümkünsüzlüyünü mütəəssircəsinə ifadə etmişdi.
“Liverpul” isveçli mütəxəssisin bu arzusunu “Enfild”də “qırmızılar”ın əfsanələrinin “Ayaks” əfsanələrinə qarşı oyununda təmin etmişdi. Eriksson cari ilin mart ayında keçirilmiş bu oyunda “Liverpul”u meydana baş məşqçi kimi çıxarmışdı.
1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoriya” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.
2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.


