Təxirə salınmış “Qəbələ” – “Qarabağ” matçının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 23-cü turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” matçının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu qarşılaşma fevralın 28-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyuna saat 19.00-da start veriləcək.

Xatırladaq ki, “Qarabağ”ın rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq Ağdam klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən yanvarın 18-də təxirə salınmışdı. Bu qarşılaşmanın daha öncə fevralın 16-da keçirilməsi nəzərdə tutulmuşdu.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sı ilə mübarizə aparacaq. Sözügedən komandalar arasındakı ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Azərbaycanda keçirəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 21 turdan sonra “Qarabağ” 50 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 15 xal olan “Qəbələ” sonuncu – 10-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası
23-cü turun oyunu
28 fevral

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 19:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: