“Mançester Yunayted”in və ABŞ yığmasının sabiq qapıçısı Tim Hovard alman mütəxəssis Yurgen Klopun “yankilər”in baş məşqçisi olmasını istəyir.
Hovard hesab edir ki, o, Klopu ABŞ millisinin baş məşqçisi vəzifəsinə cəlb edə bilər.
Arena.az amerikan qapıçının bu barədə fikirlərini təqdim edir:
“Klopun cəmi bir neçə həftə istirahət etdiyini bilirəm. Onun dincəlmək istədiyindən də xəbərdaram. Ancaq onun İspaniyadakı villasında otursaydıq, düşünürəm ki, onu bura cəlb edə bilərdim. Yüz faiz əminəm. Pul, qeyd-şərtsiz, var. Ona görə də mənim təklifim sadə olardı: onun, Liverpul komandalarındakı kimi, mütərəqqi futbol oynaya bilən bir dəstə gənc oyunçu var. İki ildən sonra isə o, tarixin ən böyük dünya çempionatına gedə biləcək”, deyə Tim Hovard bildirib.
Qeyd edək ki, ABŞ yığmasına hazırda Qreqq Berhalter rəhbərlik edir.
Xatırladaq ki, 2015-ci ilin oktyabrından “Liverpul”a rəhbərlik edən Yurgen Klopp 2023/2024 mövsümünün bitməsi ilə İngiltərə klubundan ayrılıb. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Ən əsası isə alman mütəxəssis “Liverpul”u İngiltərə futbolunda itirdiyi mövqeyinə qaytarmağı bacarıb.
Klopp “Liverpul”u 489 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 304 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1088:550 nisbətindədir.
Almaniyalı mütəxəssis daha öncə ölkəsində “Borussiya” (Dortmund) və “Maynts” komandalarını da çalışdırıb. O, “Liverpul”dan istirahətə ehtiyac duyduğu üçün ayrıldığını açıqlayıb.


