“Real”ın alman yarımmüdafiəçisi Toni Kroos keçmiş klubu “Bayern”ə qayıdacağı ilə bağlı yayılmış xəbərlərə münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, alman yarımmüdafiəçi 7 il (2007-2014) Münhen klubunda çıxış edib.
“Bir məqamı açıq deyim – mətbuatda müxtəlif söz-söhbətlərə rəğmən, “Bayern”ə qayıtmayacağam. Bu, baş verməyəcək. Münhen sakinlərinin marağı qürur mənbəyidir. Amma mən “Bayern”ə keçməyəcəyəm”, deyə Kroos vurğulayıb.
Kroos Madrid komandasının düşərgəsindəki gələcəyi haqda danışıb:
“Həqiqət budur ki, bilmirəm, mən hələ bu barədə düşünməmişəm və ya heç nə qərar verməmişəm, amma şadam ki, insanlar daha bir il oynamağımı istəyirlər. Bu, həmişə yaxşı əlamətdir”, deyə alman futbolçu bildirib.
Xatırladaq ki, 34 yaşlı futbolçunun hazırkı əmək müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.
Kroos AÇ-2024 öncəsi milli komandaya mümkün qayıdışından da danışıb. Xatırladaq ki, Avropa çempionatı bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək:
“Milli komandaya qayıtmağı düşünürəm, amma hələ heç nə barədə qərar verməmişəm. Hər şey əhval-ruhiyyəmdən və şəxsi planlarımdan asılı olacaq”.
Kroos 2014-cü ildən “Real”da çıxış edir. O, cari mövsümdə “qaymaqlılar”ın heyətində 31 oyuna 1 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 448 oyun, 28 qol, 96 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman yarımmüdafiəçinin xəzinəsində “qaymaqlılar”la 3 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Super Kuboku, 4 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 20 qəniməti var.
Toni Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 106 oyuna 17 qol vurub, 19 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığmada çıxışına 2021-ci ildə xitam verib.
“Transfermarkt” internet-portalı Kroosu 14 milyon avro məbləğində qiymətləndirir.


