Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə Bakıda hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Premyer Liqanın yeni iştirakçısı “Araz Naxçıvan”la üz-üzə gəlib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma Ayxan Abbasovun yetirmələri üçün uğurlu alınıb. Belə ki, tovuzlular meydanı 5:1 hesablı qələbə ilə tərk ediblər.
Qalib komandanın heyətində ilk qolu yeni transfer Fərid Nəbiyev vurub. Onun kimi komandaya yeni cəlb olunmuş hücumçu Martin Petkov isə dubla imza atıb. Belaydi Pusi də bu oyunda dublla yadda qalıb. Naxçıvanlıların yeganə qolunu isə Arzuman Məmmədov vurub.
Xatırladaq ki, “Araz Naxçıvan” ötən mövsüm Birinci Divizionun qalibi olub və bu mövsüm Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Bu komanda da elitaya Bakıda hazırlaşır.
“Turan Tovuz” sabah – iyulun 13-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki oteldə məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.


