Gürcüstanda təlim-məşq toplanışında olan “Turan Tovuz” və “Səbail” komandaları bu gün sonuncu yoxlama oyunlarını keçiriblər. Arena.az xəbər verir ki, növbəti mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq Tovuz təmsilçisi Tiflisdə yüksək liqa təmsilçisi “Qaqra” ilə üz-üzə gəlib.
Ayxan Abbasovun çalışdırdığı kollektiv bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Tovuzluların qələbə qollarını Ayxan Hüseynov və Natan Oduva vurub.
Baş məşqçi Ayxan Abbasov bu oyunda meydana aşağıdakı heyəti buraxıb: Tərlan Əhmədli, Sadiq Quliyev, Şəhriyar Əliyev (k), Tərlan Quliyev, Şakir Seyidov, Piruzi Marakvelidze, Turan Vəlizadə, Ehtiram Şahverdiyev, Xəyal Nəcəfov, İmeda Aşortia, Ayxan Hüseynov.
Ehtiyat oyunçular: Kamal Bayramov, Mehman Hacıyev, Famil Camalov, Eltun Turabov, Səbail Bağırov, Nazim Həsənzadə, Vüsal Məsimov, Akif Tağıyev, Veysəl Rzayev, Abbas Ağazadə, Cavid Tağıyev, Sadiq Şəfiyev, Natan Oduva.
Beləliklə, Gürcüstan toplanışını 2 qələbə, 1 heç-heçə ilə başa vuran “Turan Tovuz” iyulun 30-da vətənə dönəcək. Sözügedən komanda Gürcüstandakı ilk yoxlama oyununda Tiflisin digər təmsilçisi “Merani”yə 3:1 hesabıyla qalib gəlmiş, “Dinamo”ya isə 0:4 hesabıyla uduzmuşdu.
“Səbail” də Gürcüstan Premyer Liqasının digər təmsilçisi “Dila” ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. Mahmud Qurbanovun çalışdırdığı komandanın yeganə qolunu 86-cı dəqiqədə Turan Manafov vurub.
Beləliklə, “Səbail” Gürcüstan toplanışını 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. “Dənizçilər” Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tiflis “Dinamo”suna 0:2 hesabı ilə uduzmuş, “Qaqra”ya 2:1 hesabıyla qalib gəlmişdi.


