“Turan Tovuz” futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə paytaxt Bakıda hazırlaşır.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirmək üçün özünə rəqib də tapıb.
Belə ki, Ayxan Abbasov yetirmələrini Premyer Liqanın yeni iştirakçısı “Araz Naxçıvan”la oyunda sınaqdan keçirəcək. Qarşıalaşmanın ayın 12-də keçirilməsi nəzərdə tutulub. Tovuz klubundan verilən məlumata görə, oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Qarşılaşmaya saat 19:00-da start veriləcək.
Xatırladaq ki, “Araz Naxçıvan” ötən mövsüm Birinci Divizionun qalibi olub və bu mövsüm Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb.
Onu da qeyd edək ki, “Turan Tovuz” iyulun 13-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki oteldə məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.


