UEFA A Seriyası və La Liqa ilə bağlı müstəsna qərar qəbul etdi

UEFA futbol üzrə İspaniya və İtaliya çempionatlarının iki oyununun bu ölkələrdən kənarda keçirilməsini təsdiqləməyi qərara alıb.

Arena.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatda deyilir.

Daha əvvəl İspaniya Futbol Federasiyası “Barselona” və “Vilyarreal” arasındakı matçın Mayamidə (ABŞ, Florida) keçirilməsi ilə bağlı sorğu göndərib. İtaliya Futbol Federasiyası isə “Milan” və “Komo” arasındakı oyunun Avstraliyada keçirilməsi ideyasını təsdiqləyib.

“Bu iki oyunun ölkələrdən kənarda keçirilməsinin zəruriliyi barədə təəssüflənməyimizə baxmayaraq, bu qərar müstəsnadır və presedent yaratmaq kimi qəbul edilməməlidir. Bizim məqsədimiz aydındır: milli liqaların bütövlüyünü qorumaq və futbolun öz doğma mühitində qalmasını təmin etmək”, – UEFA-nın rəhbəri Aleksander Çeferin bildirib.

“Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsi istəməyərək ona göndərilən iki sorğunu müstəsna hal kimi təsdiqləməyi qərara alıb. UEFA Beynəlxalq Futbol Federasiyasının rəhbərliyi altında, milli yarışların bütövlüyünü və klublar, onların azarkeşləri və yerli icmalar arasında sıx əlaqəni təmin edəcək gələcək qaydaların hazırlanmasında fəal iştirak edəcək”, – UEFA-nın bəyanatında deyilir.

Qeyd edək ki, “Barselona” və “Vilyarreal” arasındakı oyun bu il dekabrın 21-də keçirilməlidir. “Milan” və “Komo” arasındakı qarşılaşmanın isə gələn il fevralın 6-da keçirilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaş: