UEFA reytinqi: “Sabah” əmsalı 2,875-ə çatdırdı

UEFA ötən gün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Arena.az xəbər verir ki, Azərbaycan da əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.

Buna “Sabah”ın ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda Danimarka “Orhus”unu evdə böyük hesabla yenməsi (4:0) şərait yaradıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0,250 əmsal əlavə edib. Nəticədə cari mövsümdə qazanılmış əmsal 2,875-ə yüksəlib. Bunun 1,250 əmsalı “Sabah”ın, 0,750-si “Qarabağ”ın, 0,625-i “Zirə”nin, 0,250-si isə “Neftçi”nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21,437-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Bolqarıstanın 20,437 əmsalı var. Dünən Bolqarıstanın “Levski” komandası “Kayrat”a qalib gəlib, “ÇSKA 1948” isə “Panatinaikos”la əsas vaxtda heç-heçə edib. Bu nəticələrə görə bolqarlar 0,375 xal qazanıblar. Bir pillə öndə – 25-ci yerdə qərarlaşmış Slovakiyanın ümumi qazancı isə 22,718-ə bərabərdir. Bu ölkənin yeganə təmsilçisi “Çelye” “Ararat”a qalib gəlib və 0,250 əmsalla ölkəyə fayda verib.

UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: