Avrokuboklarda 2025/2026-cı illər mövsümünün ilk təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.
Arena.az xəbər verir ki, Azərbaycanın UEFA reytinqindəki “qonşular”ı əmsallarını artırsalar da, ölkəmiz yerində sayıb.
Buna Avropa Liqasında mübarizə aparan “Sabah”ın bu turnirin birinci təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandasını keçə bilməməsi səbəb olub. Doğma meydanda 2:3 hesabıyla uduzmuş təmsilçimiz səfərdə 3:3 hesablı heç-heçə ilə təsəlli tapıb. Məhz bu heç-heçə sayəsində “Sabah” Azərbaycanın əmsal hesabını cüzi də olsa, zənginləşdirib. Hazırda 29-cu mövqedə qərarlaşmış Azərbaycanın əmsalı 17,250-dir.
28-ci pillədə qərarlaşmış Ukrayna (17,975) və 30-cu sıradakı Bolqarıstan (16,500) da əmsallarını artırıblar.
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.


