Ueyn Runi Lionel Messi ilə Kristiano Ronaldonu müqayisə etdi

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi argentinalı hücumçu Lionel Messini futbol tarixinin ən yaxşı oyunçusu hesab edir.

Arena.az “Mançester Yunayted”in sabiq forvardının “İnter Mayami”də çıxış edən argentinalı futbolçu barədə fikirlərini təqdim edir:

“Məncə, Messi tarixin ən yaxşı futbolçusudur. Mən tez-tez onu adlandırdığım üçün tənqid edilirəm: “Ən yaxşı Ronaldo olduğu halda, necə Messi deyə bilərsən?” Başa düşürəm ki, bəziləri Messi, bəziləri Ronaldo deyə bilər – ikisi də inanılmazdır. Bunlar yəqin ki, indiyə qədər oynamış ən yaxşı iki futbolçudur. Amma düşünürəm ki, Messi azacıq daha istedadlıdır, bu da oyunçularda xoşuma gəlir. Səbəb də budur”, deyə Ueyn Runi fikrini əsaslandırıb.

Xatırladaq ki, Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. O, ABŞ klubuna qədər “Barselona” və PSJ-də çıxış edib. Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 27 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Kristiano Ronaldo isə 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz bu komandaya “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.

Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: