2026/2027-ci illər mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Şamaxı” bu gün sıralarını Uğur Cahangirov ilə gücləndirib.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Son olaraq “Karvan”da çıxış etmiş hücumçu “Şamaxı”ya azad agent kimi keçib. 25 yaşlı futbolçu növbəti iki mövsümü məhz bu komandada keçirəcək.
Uğur Cahangirov “Karvan”a 2025/2026-cı illər mövsümünün əvvəlində azad agent kimi qoşulmuşdu. O, Yevlax klubunun heyətində 33 oyuna çıxsa da, cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Uğur daha öncə də “Şamaxı”da çıxış edib. O, 2022/2023-cü illər mövsümündə bu klubun əsas komandasında 4 oyun keçirib. Hücumçu bir müddət “Sumqayıt” klubunda da forma geyinib.
Bu, “Şamaxı”nın yay fasiləsindəki ilk transferidir. Əyalət klubu buna qədər Abdulla Seydəhmədov və Həbib İsmayılovla yeni müqavilə imzalandığını açıqlamışdı. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike və Ravil Qafarov isə komandanı tərk ediblər.


