Useyn Bolt Kilian Mbappeyə atmaca atdı

Məşhur atlet Useyn Bolt “Əl-Hilal”ın PSJ-nin hücumçusu Kilian Mbappeyə ünvanladığı təklifə zarafatyana münasibətini ifadə edib.

Arena.az bu barədə Boltun sosial şəbəkədə yazdığı sözlərə istinadən məlumat verir.

Qısa məsəfələrə qaçış üzrə ixtisaslaşmış 8 qat Olimpiya çempionu və 11 qat dünya çempionu yamaykalı sprinter Useyn Bolt, fransalı ulduz futbolçu Kilian Mbappeyə “Əl-Hilal”dan cəmi bir illik müqavilə müqabilində təklif edilən məvacibə görə, böyük idmana qayıdıb öz karyerasını bərpa etməyə hazır olduğunu bildirib:

“Bu 776 milyon dollarlıq illik maaşa görə karyeramı yenidən başlamağa hazıram”, deyə Bolt Mbappeyə atmaca atıb.

Xatırladaq ki, Useyn Bolt 2017-ci il dünya çempionatından sonra karyerasını bitirib.

Kilian Mbappeyə gəlincə, ulduz hücumçu 2018-ci ildən bəri çıxış etdiyi PSJ ilə müqaviləni yeniləməkdən rəsmən imtina edib. Bu səbəbdən də o, Paris klubunun rəhbərliyi tərəfindən komandadan uzaqlaşdırılıb. Vəziyyət belə davam edərsə, Mbappe 2023/2024 mövsümünün sonunda PSJ-ni azad agent qismində – havayı tərk edə biləcək. Bu isə PSJ üçün böyük maliyyə itkisi deməkdir. Məhz bu səbəbdən PSJ sərfəli təklif olacağı halda ulduz futbolçusunu istənilən kluba satmağa hazırdır. Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı konkret təkliflə Paris klubuna müraciət etmiş ilk müştəridir. Ərəblər transfer müqabilində PSJ-yə 300 milyon avro, Mbappeyə isə bir illik müqavilə üçün 700 milyon avro maaş ödəməyə hazırdırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: