Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah”ı bundan sonra litvalı mütəxəssis Valdas Dambrauskas çalışdıracaq.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, litvalı mütəxəssislə 3 illik müqavilə bağlanıb. O, bu postda bir neçə gün öncə “Sabah”dan ayrılmış Vitali Berezutskini əvəz edib.
Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin “Omoniya” (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.
Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16) olub. O, bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Super Kubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Super Kubokunun (2021/22) qalibi olub.
Xatırladaq ki, “Sabah” yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Azərbaycan Kubokunun sonuncu qalibini Avroliqanın 1-ci təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə görüş gözləyir.


