Velosiped: Azərbaycan çempionatına start verildi

Bu gün – oktyabrın 5-də velosiped idmanının şose növündə çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib.

Arena.az xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.

Çempionatın birinci mərhələsində idmançılar Quba rayonunda yerləşən Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 50:03) birinci yeri tutub. Nihad Xudoyev (ROEQİUGVM, 56:21) ikinci, Tamerlan Musayev (ROEQİUGVM, 58:23) üçüncü yerə layiq görülüblər.

2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev (ROEQİUGVM, 39:25) qızıl medala yiyələnib. Cavid Baxşıyev (ROEQİUGVM, 41:17) gümüş, Ümid İsmayılov (ROEQİUGVM, 41:25) bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən qrup ötüşməsində yarışacaqlar. Oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə velosipedçilər fərdi ötüşmə növündə güclərini sınayacaqlar.