Almaniyanın “Ayntraxt” klubunun ekvadorlu mərkəz müdafiəçisi Vilyan Paço bundan sonra PSJ-nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Paris təmsilçisi bu transfer üçün Bundesliqa klubuna 40 milyon avro ödəyib. 22 yaşlı futbolçu PSJ ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Vilyan Paço Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2022/2023 mövsümündə Belçikanın “Antverpen” klubunda forma geyinib. “Ayntraxt” Paçonu 2023-cü ilin iyul ayında məhz “Antverpen”dən 13,65 milyon avroya transfer etmişdi. Paço “Ayntraxt”da 44 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Vilyan 2023-cü ilin mart ayında debüt etdiyi Ekvador yığmasında 16 oyuna çıxıb. O, bu oyunlarda 2 qolla kifayətlənib.
“Ayntraxt”ın sol cinah müdafiəçisi Filipp Maks da Yunanıstanın “Panatinaikos” klubuna keçib. 30 yaşlı alman futbolçunun satışı Frankfurt klubuna 1 milyon avro qazandırıb. Maks yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Filipp Maks peşəkar karyerasına “Şalke”də başlayıb. O, “Karlsrue”, “Auqsburq”, PSV kimi klublarda da forma geyinib. 2023-cü ilin yanvarından “Ayntraxt”da çıxış edən Filipp, bu komandada 42 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.
Filipp Maks 2020-ci ilin noyabr ayında debüt etdiyi Almaniya milli komandasının heyətində 3 oyuna çıxsa da, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkəsinin Olimpiya yığmasında da forma geyinib.


