Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella Türkiyə Futbol Federasiyası ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə federasiyanın rəsmi saytına istinadən xəbər verir.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2028-ci ilin 30 iyununda bitəcək. Əvvəlki sözləşmə 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.
Vinçentso Montella 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə rəhbərlik edir. İtaliyalı mütəxəssis bu komandanı bütövlükdə 23 oyuna çıxarıb. Türklər bu görüşlərdə 12 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət görüblər.
Montella məşqçiliyə “Roma”da başlayıb. O, bu klubun U-15 komandasına rəhbərlik etdiyi dövrdə əsas komandanı da qısa müddət çalışdırıb. 51 yaşlı mütəxəssis “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan”, “Sevilya” və “Adana Dəmirspor” kimi komandalarda baş məşqçi kimi çalışıb.



