“Real”ın braziliyalı vingeri Vinisius Junior “qaymaqlılar”ın fransalı yeni hücumçusu Kilian Mbappe ilə eyni heyətdə oynayacağından danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Bu, acımasız olacaq, amma ümidvaram ki, biz böyük uğur qazanacağıq. Biz ona kömək etməliyik və mümkün olan hər şeyi etməliyik ki, o, mümkün qədər tez uyğunlaşa bilsin. Başqa kluba keçmək həmişə çətindir, amma biz bunu ötən mövsüm meydana çıxmış və özünü sübut etmiş Cud Bellingem ilə artıq bacarmışıq. Ümidvaram ki, Kilianla bunu yenidən edə bilərik”, deyə Vinisius vurğulayıb.
Xatırladaq ki, Mbappenin “Real”ın heyətində debütü UEFA Super Kubokunun “Atalanta” ilə oyununa təxmin edilir.
“Real” UEFA Super Kubokunda iştirak hüququnu ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqla, “Atalanta” isə ötən mövsün Avropa Liqasının qalibi olmaqla əldə edib.
2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.


