“Bakı”, “Xəzər Lənkəran” və “Sumqayıt” kimi klublarda forma geyinmiş yarımmüdafiəçi Vüqar Bəybalayev karyerasını bitirib.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu 30 yaşında karyerasını sonlandırmağa qərar verib.
Vüqar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Yarımmüdafiəçi bunları qeyd edib:
“Bəlkə də bu günlərdə həyatımın ən çətin, bir o qədər də vacib qərarlarından birini verməli oldum. Ancaq öz-özümə “artıq vaxtıdır” – deyib belə bir qərar aldım. Bildirmək istəyirəm ki, bu gündən etibarən 6 yaşımdan başladığım və ömrümün 24 ilini həsr etdiyim peşəkar futbolçu karyeramı bitirirəm!
Futbol mənə həyatımda saysız-hesabsız təcrübələr, möhtəşəm dostluqlar və hər zaman dəstəyini hiss etdiyim dəyərli insanlar qazandırdı. Yaşıl meydanlardan ayrılmağa qərar versəm də, futbolun mənə bəxş etdiyi sevinclər, öyrətdiyi təcrübələr, qazandırdığı dostlar, dəyərli insanlar bundan sonra da hər zaman mənimlə həyatımın geri qalanında qəlbimdə daim var olacaq.
Bu yolda oynadığım komandadan asılı olmayaraq, bu günə kimi mənə dəstək olan azarkeşlərə, ilk gündən mənə inanan və güvənən ailəmə, daha da yaxşı olmağım üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, əziyyətləri qarşısında baş əyirəm!”
Xatırladaq ki, Vüqar Bəybalayev “Bakı”nın yetirməsidir. O, karyerası ərzində “Sumqayıt”, “Səbail”, “Kəpəz”, “Rəvan”, “Xəzər Lənkəran” və “Turan Tovuz” kimi klublarda da forma geyinib. Bir müddət Gürcüstanın “Telavi” komandasında da çıxış etmiş yarımmüdafiəçi “Sumqayıt”dan 2023-cü ilin yanvarında ayrılandan sonra yarım mövsüm futbolsuz qalmışdı. Bu yay Birinci Liqa təmsilçisi “İrəvan”a keçən Bəybalayev sözügedən klubdakı məlum qalmaqaldan sonra komandadan ayrılmağa qərar vermişdi. Bu üzdən də o, karyerasını nöqtələməyi üstün tutub.


