Vüsal İsgəndərli və “Boluspor” üçün Super Liqa şansı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turu çərçivəsində baş tutmuş “Adanaspor”la oyunun iştirakçısı olub.

“Boluspor” səfərdə baş tutmuş bu oyundan möhtəşəm qələbə ilə ayrılıb – 7:0. İsgəndərli bu oyunda 90 dəqiqə meydanda olub, qələbəyə 1 1 məhsuldar ötürmə ilə töhfə verib. Belə ki, futbolçumuz komandasının 36-cı dəqiqədə vurduğu beşinci qolda məhsuldar ötürmə ilə yadda qalıb. O, 19-cu dəqiqədə sarı vərəqə də alıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 39 matça çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Vüsal İsgəndərli daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Coşqun Diniyev mövsümün son matçında bir hissə oynadı

Digər azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası – “Çorum” da növbəti matçına çıxıb. Sözügedən komanda mövsümün son matçında “İstanbulspor”un qonağı olub və 0:3 hesablı məğlubiyyətə üzülüb. Start heyətdə meydana çıxmış Coşqun fasilədə əvəzlənib.

Xatırladaq ki, Coşqun Diniyev fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 12 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.

Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 30 oyun keçirib.

“Boluspor” Super Liqaya vəsiqə uğrunda yarışacaq

Beləliklə, “Çorum” cari mövsümü 54 xalla yarış cədvəlinin 10-cu pilləsində başa vurub. Komanda keçirdiyi 38 oyunda 14 qələbə qazanıb, 12 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

“Boluspor” isə 38 oyuna topladığı 61 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Vüsal İsgəndərlinin komandası bu oyunlarda 17 qələbə qazanıb, 10 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb. “Çorum”dan fərqli olaraq, “Boluspor” üçün mövsüm hələ başa çatmayıb. Belə ki, Bolu təmsilçisi Super Liqaya vəsiqə uğrunda pley-off görüşlərində qüvvəsini sınayacaq. Vüsalın komandasını qarşıda “İstanbulspor”la görüş gözləyir.

Sonda onu da qeyd edək ki, Birinci Liqanın cari mövsümünün qalibi olmuş “Kocaelispor” və ikinci yeri tutmuş “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanıblar. Üçüncü yeri tutmuş “Fatih Karagümrük” pley-off mərhələsinin finalında rəqibini gözləyir. “İstanbulspor”, “Bandırmaspor”, “Ərzurumspor” və “Boluspor” isə pley-offda şanslarını yoxlayacaqlar.

Son dörd pillədə yer almış “Ankaragücü”, “Şanlıurfaspor”, “Adanaspor” və “Yeni Malatyaspor” klubları İkinci Liqaya yuvarlanıblar.