“Styaua”nın baş məşqçisi Elias Xaralambus Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Rumıniya və Azərbaycan klubları Avroliqanın Liqa mərhələsinin 7-ci turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.
Bu gün isə oyundan öncə mətbuat konfransları baş tutub. Rumıniya təmsilçisinin kiprli baş məşqçisi Bakıda baş tutan tədbirdə bunları dilə gətirib:
“Qarabağ”da əhəmiyyətli şəxs dünyasını dəyişib, başsağlığı diləyirəm. “Qarabağ” çox güclü komandadır. Nailiyyətləri çoxdur və Avropada öz sözünü demiş komandadır. İnanıram ki, bizi maraqlı oyun gözləyir.
Çətin oyun olacaq. Rəqib komandanın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir bu postdadır. Çox peşəkar komandadır. Əsas sabahkı oyuna diqqətimizi yönəltmişik. Statistikalarda komandaların qapıya vurduğu zərbələrə baxsaq, çox yaxşı vəziyyətdəyik. İnanıram ki, komandam sabah tapşırıqları düzgün yerinə yetirəcək. Bu oyun bizim üçün çox vacibdir. Amma ehtiyatı əldən verməməliyik. Bəzən cədvəldə hansısa klubun xalının az olması bizi çaşdırmamalıdlr. Bundan sonraki oyunlarımız var, ona görə, ciddi yanaşmalıyıq”.
Elias Xaralambus komandasında bəzi itkilərin olduğunu bildirib:
“Əsas komandanın bir çox üzvü zədəlidir. Komandamız böyükdür, hər kəs oynamaq istəyir. Digər oyunçulara şans verəcəyik. Çalışacağıq ki, bu oyunçuların yoxluğu hiss olunmasın”.
Mətbuat konfransında iştirak edən “Styaua”nın kamerunlu müdafiəçisi Coyskim Dava isə bunları söyləyib:
“Bu gözəl ölkəyə ikinci dəfədir gəlirəm. İnanıram ki, gözəl nəticə qazanacağıq. Biz optimistik. Bura ancaq və ancaq qələbə qazanmaq, turnir cədvəlindəki durumumuzu yaxşılaşdırmaq üçün gəlmişik. Bu, bizim arzumuz yox, hədəfimizdir. İki məqam var. Biri gələn həftə “Mançester Yunayted”lə oyunumuzun olması, biri də “Qarabağ”ın xalının az olmasıdlr. İlk növbədə sabahki oyuna köklənirik. Qələbədən sonra 8-ci pilləyə yüksəlmək istəyirik. “Qarabağ” çox gözəl komandadır. Əcnəbi futbolçuları çoxdur. Hücumameyilli oynayır və topa nəzarəti güclüdür. Biz səfərdə oynadığımız üçün yerli komanda favorit sayılır. Buna baxmayaraq, hazırıq”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Styaua” matçına saat 21:45-də start veriləcək.