Xavi Ernandes “Barselona”dan göndərilir?

“Barselona”nın baş məşqçisi, ispan mütəxəssis Xavi Ernandes haqda İspaniya mətbuatında xoşagəlməz söz-söhbət yayılıb.

Arena.az məlumat verir ki, ilkin mənbəyi məlum olmayan şayilərdə söhbət Xavinin komandanın oyunçularının etimadını itirməsindən və hətta vəzifəsindən qovulmasından gedir.

Jurnalist-insayder Kike Mateu əldə etdiyi məlumata görə iddia edir ki, Xavi artıq Kataloniya klubunun futbolçularının etimadını qazanmır. “Barsa” futbolçuları Xavinin futbol meydanında onlardan nəyə nail olmaq istəyi haqda bir məna anlamırlar və buna görə də onun məşqçilik üsullarına etibar etməyi dayandırıblar. İspan mütəxəssisin hazırda “blauqrana”nın baş məşqçi vəzifəsini daha çox ad-sanı və “Barselona”nın əfsanəsi şərəfinə görə tutduğu vurğulanır.

Xatırladaq ki, daha əvvəl Xavi “Barselona”nın idman direktoru Deku və Kataloniya klubunun prezidenti Joan Laporta ilə yaxşı münasibətdə olduğunu bildirmişdi.

AS dərgisində isə məlumat yayılıb ki, Xavi “Barselona”nın UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Portu” ilə növbəti oyunundan sonra istefaya göndərilə bilər. Noyabrın 29-da keçiriləcək oyunda “Barselona” “Portu”ya uduzsa və ya heç-heçə etsə, Xavi üçün “Barselona” layihəsinə son qoyula bilər. Vurğulanır ki, Xavi uğur qazanmaq üçün “Portu” ilə qarşıdakı oyuna ixtiyarında olan ən münasib heyəti döyüşə atacaq.

Hazırda hər iki komanda 9 xala malikdir, “Barselona” “H” qrupunun lideri, “Portu” isə təqibçi mövqeyindədir.

Yayılmış şayiələr haqda Xavi və “Barselona” tərəfindən rəsmi açıqlama verilməyib.

Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. Mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandaya Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçinin 24 ili “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il “Barselona”nın əsas komandasında çıxış edib.

Hazırda Xavinin yetirmələri La Liqada 14 turdan 31 xalla 4-cü pillədə qərarlaşıblar və lider “Real”dan 4 xal geridədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: