Xavi Simons da DÇ-2026-nı buraxacaq

Niderland millisinin və “Tottenhem”in yarımmüdafiəçisi Xavi Simons qarşıdakı dünya çempionatında (DÇ-2026) iştirak etməyəcək.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 34-cü turunda “Vulverhempton”a qarşı keçirdikləri oyunda zədələnib.

Ön çarpaz bağları qopmuş futbolçu ən azı bu ilin sonuna qədər meydana çıxa bilməyəcək. Futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında yazıb:

“Deyirlər ki, həyat bəzən qəddar olur və bu gün bunu xüsusilə dərindən hiss edirəm. Mövsüm mənim üçün qəfil başa çatdı və mən hələ də bunu anlamağa çalışıram. Açığını desəm, ürəyim qırılıb. Bütün bunların heç bir məntiqi yoxdur”.

Qeyd edək ki, Niderland millisi bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda Yaponiya, İsveç və Tunis ilə F qrupunda mübarizə aparacaq.

Xavi Simons “Tottenhem”ə 2025-ci ilin avqustunda Almaniyanın “Leypsiq” klubundan 65 milyon avro müqabilində keçib. Onun İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Hücumameylli yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 41 oyunda 5 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xavi futbola “Tader” klubunda qədəm qoyub, ardınca “Barselona”nın futbol akademiyasına yol tapıb, daha sonra PSJ-nin futbol akademiyasına keçib və Fransa nəhənginin heyətində böyük futbolda debüt edib. O, karyerası ərzində “Leypsiq”, PSV kimi klubların da şərəfini qoruyub.

Xavi Simons 2022-ci ilin dekabrında debüt etdiyi Niderland yığmasının heyətində 34 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

Xavi Simonsun qənimətlər muzeyində PSJ ilə qazandığı Fransa çempionluğu və Fransa Kuboku, PSV ilə qazandığı Niderland Kuboku və Niderland Super Kuboku, “Leypsiq”lə qazandığı Almaniya Super Kuboku var.

Fərdi uğurlara gəlincə, Xavi Simons 2022/2023-cü illər mövsümündə Niderland çempionatında 19 qolla ən sərrast futbolçu olub və 2023-cü il üçün Niderlandda mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: