Xavyer Tebas: “Bu, 11 sentyabr terrorundan daha böyük xəbərdir”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsini tərk etməsindən danışıb.

Arena.az “Mundo Deportivo”ya istinadən Tebasın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən açıqlama verməyəcəyəm, çünki onun verdiyi ikisaatlıq müsahibəni dinləmək istəyirəm. Biz vəzifəsindən kənarlaşdırılmış prezidentdən təqaüdə çıxmış prezidentə qədər yol keçmişik. Bilirsiniz, mən onun rəhbərliyi ilə bağlı fikir bildirmək fikrində deyiləm. İspan futboluna vurulan ad-san zərəri çox nəhəngdir. Bu, tarixdəki ən böyük rəqəmsal media xəbəridir. 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktı haqda xəbərdən daha böyükdür”, deyə Xavyer Tebas, hadisəyə baxış miqayasını açıqlayıb.

Xatırladaq ki, Luis Rubiales 2023-cü il qadınlar arasında dünya çempionatının mükafatlandırma mərasimi zamanı, turnirin qalibi İspaniya yığmasının futbolçusu Cennifer Ermosonun başından tutaraq, dodaqlarından ehtirasla öpmüşdü. Daha sonra Rubialesin digər bir qadın futbolçunu, mundialın İngiltərə yığmasına qarşı final oyununda yeganə qələbə topunu vurmuş Olqa Karmonanı da öpdüyü kadr ortaya çıxmışdı. Ardınca isə kütləvi informasiya vasitələrində Rubialesin İspaniya Kral ailəsinin hüzurunda ədəbsiz jesti haqda xəbərlər peyda olmuşdu. Rubiales öz tənasül üzvünü şalvarın üstündən əli ilə tutaraq tribunalardan ədəbsiz jest ifadə etdiyini əks etdirən şəkillə gündəmə gəlmişdi.

Bütün bu baş verənlər tənqidlə müşayiət edilən qızğın müzakirələrə səbəb olmuşdu.

Beləliklə, FIFA başda olmaqla müvafiq qurumlar tərəfindən görülmüş tədbirlərin təzyiqi mənzərəsində vəzifəsindən getəmk istəməyən Rubiales, nəhayət bu gün istefa bəyanatı ilə çıxış etməli olub. Ancaq maraqlıdır ki, sabiq prezidentin gedişi birmənalı qarşılanmayıb. Hələ də Rubialesə qarşı bu təzyiqlərin bir “qarayaxma tədbiri” olması ilə razılaşan tərəfdarları var.

Xəbəri sosial şəbəkələrdə paylaş: