“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino “vağlar”ın argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messinin səhhəti haqda danışıb.
Arena.az xatırladır ki, Messi iyulun 15-də Argentina yığmasının 2024-cü ildə ABŞ-da keçirilmiş Amerika Kubokunun Kolumbiya yığması ilə final oyununda (1:0) ayağından zədə almışdı.
Xerardo Martino ulduz futbolçunun indiki durumu barədə bunları söyləyib:
“Məsələ ondadır ki, o, artıq fiziki formasını alır, “Leo” topla işləməyə başlayıb. O, tezliklə meydana qayıtmaq üçün nikbindir. Messi həm də zədənin arxada qaldığına inam hasil etməlidir”, – jurnalist Yoan Melian “Tata” Martinodan sitat gətirir.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Buna qədər Messi yalnız “Barselona” və PSJ-də çıxış edib.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 29 oyun, 25 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 187 oyun keçirib, 109 qol vurub və 58 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


