Yerro: “Ronaldo Səudiyyə Ərəbistanında milli layihədir”

“Əl-Nəsr”in idman direktoru Fernando Yerro “Nəcd cəngavərləri”nin 40 yaşlı porrtuqal ulduz hücumçusi Kristiano Ronaldodan söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Ronaldonun burada olması – milli layihədir. Onun futbol tarixinə təsiri nəhəngdir, Kristiano yerli liqanın tərəqqisinə yardımçı olub. Biz onunla yeni müqavilə haqda danışıqlar aparırıq, onun qalacağına ümidvarıq”, deyə Yerro vurğulayb.

Xatırladaq ki, daha əvvəl Roaldo ilə “Əl-Nəsr” arasında yeni müqaviləyə dair danışıqların dalana dirəndiyi və “Kriş”in Səudiyyə Ərəbistanını tərk edə biləcəyi haqda məlumat yayılıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümümün 24 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 219 oyuna 136 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: