“Kəpəz”in müdafiəçisi Yusif Nəbiyev Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyunu buraxacaq. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sarı vərəqə limitini dolduran vitse-kapitan cəzalı duruma düşüb. Bu üzdən də o, bu gün baş tutacaq liderlə qarşılaşmada forma geyinə bilməyəcək. Komandanın digər üzvləri isə Ağdam klubu ilə görüşdə forma geyinməyə hazırdırlar.
Xatırladaq ki, Yusif Nəbiyev bu mövsümün əvvəlindən – 2022-ci ilin iyul ayından “Kəpəz”də çıxış edir. 25 yaşlı sol cinah müdafiəçisi bu komandada 31 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yusif daha öncə “Sumqayıt”, “Qəbələ” və “Zirə”də də forma geyinib, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb.
Bu gün “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Kəpəz” oyununa saat 18:30-da start veriləcək.


