“Yuventus” daha bir maliyyə fırıldağında şübhəli bilinir

İtaliya nəgəngi, Turinin “Yuventus” klubu bu dəfə futbolçuların agentlərinin iştirakı ilə maliyyə fırıldaqlarında şübhəli bilinir.

Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, İtaliya Agentlik Komissiyasının katibliyi oyunçuların transferində heç bir rolu olmayan bəzi agentlərə buna rəğmən, komissiya ödənildiyini aşkar edib. Qurum müvafiq əməliyyatlara dair bir sıra hesab-fakturalar aşkar edildikdən sonra “qoca sinyora” ilə bağlı təhqiqatlara başlayıb.

İttiham tərəfinin fikrincə, agentlər bu sxemdə gizli vasitəçilər kimi iştirak ediblər. Bu agentlərin şəxsiyyəti müəyyənləşdirilmişləri arasında Lippi, Guffrida, Qalli, Morabito, Fioravanti və Tintinin adları çəkilir.

Vurğulanır ki, bu gün, sentyabrın 26-da agentlərin təqsirsizliyini sübut edən məlumatın təqdim edilməsi müddəti başa çatacaq. Lakin müvafiq iş üzrə qərarın 2025-ci ilə qədər qəbul ediləcəyi gözlənilmir.

Xatırladaq ki, bu, “Yuventus”un çirkaba bulaşdığı ilk hal deyil. “Qoca sinyora” qara-qura işlərə qurşandığı üçün yaxın keçmişdə çempionluqdan məhrum edilib, hətta B Seriyasına göndərilib, kluba dəfələrlə pul cəzası kəsilb. Bununla belə, Turin klubunun rəhbərliyi düzəlmək istəmir.

Ötən mövsümdə isə maliyyə fırıldağında iştirakı sübuta yetirilmiş “Yuventus” A Seriyasında 10 xallıq cərimə ilə üzləşmiş, komanda cari mövsümdə avrokuboklarda iştirakdan məhrum edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: