Zinədin Zidan məşqçiliyə qayıtmağa iddialıdır, amma görün hara!

Məşhur fransalı mütəxəssis, Madrid “Real”ının sabiq çalışdırıcısı Zinədin Zidan məşqçilik karyerasını davam etdirməyə hazırdır.

Arena.az xəbər verir ki, “Todofichajes” dərgisinin müvafiq məlumatı ildrım sürətilə yayılıb.

İddiaya görə, Zidan məşqçiliyə qayıdacağı təqdirdə yalnız Fransa yığmasının sükanı arxasında dayanmaq niyyətindədir. O, əvvəllər də belə bir mümkünatı istisna etmirdi. Hazırda Zidanın 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının sonuna qədər gözləməyə qərarlı olduğu bildirilir. Təcrübəli mütəxəssisin bundan sonra böyük ehtimalla “xoruzlar”a rəhbərlik edəcəyi deyilir.

Xatırladaq ki, Zinədin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb, Zidan yalnız “Real”ın alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub. Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018) və beləliklə Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu ( 2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Fransa yığmasına gəlincə, “xoruzlar” hazırda Didye Deşamın başçılığı altında çalışırlar. Deşamın rəhbərliyi altında Fransa yığması 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının, 2021 Millətlər Liqasının qalibi, həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının və 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının finalçısı olub. Sentyabrda keçirdikləri son yoldaşlıq görüşündə Deşamın komandasın əzəli rəqib Almaniya yığmasına 1:2 hesabı ilə uduzub.

Xəbəri sosial şəbəkələrdə paylaş: