Bir müddət işsiz gəzib-dolaşan “Real”ın sabiq baş məşqçisi Zinədin Zidan yenidən peşəsinə qayıtmağı düşünür.
Arena.az bu haqda “Telefoot”a istinadən xəbər verir.
“Fasilə gəlibsə, deməli, lazımdır. Baş verənləri qəbul etmək və bundan sonra nə olacağını görmək lazımdır. Tezliklə yenidən komanda çalışdıra biləcəyimə ümidvaram.
Adrenalinim çatışmır. Kənardan futbola fərqli baxırsan. Bu, sənin komandan olanda isə, çalışdırıb, onu oyunlara hazırlamalısan, hər şey tamamilə başqadır. Və bu mənim üçün zəruridir. Artıq iki ildir ki, yoxam, amma tezliklə olacağam”.
Xatırladaq ki, Zinədin Zidan əvvəllər yalnız “Real”ı çalışdırıb və “Kral klubu” ilə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasını qazanıb (2015/2016, 2016/2017, 2017/2018) ki, müvafiq nailiyyət turnirin cari adı altında bir məşqçinin nail olduğu ilk və yeganə haldır. Bununla yanaşı Zidan “Real”la La Liqanın, İspaniya Super Kubokunun, UEFA Super Kubokunun və Klublararası Dünya Çempionatının ikiqat qalibidir.


