Zlatko Daliç: “Biz AÇ-2024-ün ən mürəkkəb qrupundayıq”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç İspaniya yığması ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 1-ci tur oyunundan danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, xorvat mütəxəssis həmçinin öz komandasının gücünü qiymətləndirib:

“Çempionatda ən çətin qrupa düşmüşük və bunu hamı anlayır. Yaxşı bir başlanğıc vacibdir. İlk oyunda Mərakeşlə heç-heçə etdiyimiz Qətərdəki dünya çempionatını xatırlayırsınızmı? Bu məqam sonralar çox vacib idi. Ancaq heç-heçə etməyi hədəfləmirik: ən yaxşı tərəfimizi göstərmək və qalib gəlmək istəyirik. Biz heç kimdən qorxmuruq. Biz qələbə ardınca gedirik. Çətin və çox məsuliyyətli olacaq, amma həmişə olduğu kimi komandamıza inanıram.

Xorvatiyanın əldə etdiyi şey möcüzəvidir. Hətta deyərdim ki, bu, mümkünsüzdür. Məhz ona görə də insanların bizi qiymətləndirməməsi məni narahat edir. Bu Xorvatiya komandasına belə çətin şəraitdə və belə kiçik oyunçu heyəti ilə əldə etdiklərinə görə hörmət edilməlidir.

Biz dünya futbolunun ən güclü oyunçuları ilə yarışırıq. Bu səbəbdən biz kiçik bir ölkənin çoxuna nail ola biləcəyinin sübutuyuq. Biz başqalarına bunun mümkün olduğunu göstərməliyik”, deyə Zlatko Daliç vurğulayıb.

Xatırladaq ki, İspaniya – Xorvatiya oyunu bu gün, iyunun 15-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: