Bu gün futbol üzrə İngiltərə Super Kubokunun 2023-cü il mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, həlledici qarşılaşmada “Mançester Siti” və “Arsenal” komandaları üz-üzə gəliblər.
Londondakı “Uembli” stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə “şəhərlilər”dən Koul Palmer vurub. “Topçular” 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər. Qalibi müəyyənləşdirmək üçün ilk dəfə birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.
“Arsenal” tarixində 17-ci dəfə İngiltərə Super Kubokunun qalibi olub. London klubu daha öncə 1930, 1931, 1933, 1934, 1938, 1948, 1953, 1991, 1998, 1999, 2002, 2004, 2014, 2015, 2017 və 2020-ci illərdə də belə uğura imza atmışdı. “Mançester Siti” isə cəmi 6 dəfə super kubokun qalibi olub. Rekord “Mançester Yunayted”ə məxsusdur – 21 qələbə!
Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm həm İngiltərə Premyer Liqanın, həm İngiltərə Federasiya Kubokunun, həm də UEFA Çempionlar Liqasının qalibi olub. “Arsenal” isə Premyer Liqada ikinci yeri tutmaqla super kubokda iştirak hüququ qazanıb.


