Kristian Romero 2 aya yaxın oynamayacaq

Futbol üzrə Argentina yığmasının və İngiltərənin “Tottenhem” klubunun mərkəz müdafiəçisi Kristian Romero yenə uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan “Çelsi” ilə ev oyununda sıradan çıxıb. London derbisində 3:4 hesablı məğlubiyyətlə üzləşmiş “Tottenhem”in yaydığı məlumatda Kristianın təxminən 5-6 həftə yaşıl meydanlardan uzaq qalacağı qeyd olunub.

Qeyd edək ki, Romero ötən mövsüm də zədələrlə üzləşdiyi üçün xeyli müddət komandasına kömək edə bilməmişdi. Elə cari mövsümdə də o, məhz zədə səbəbindən mütəmadi oyun şansı qazana bilmir.

“Tottenhem”də Kristian Romerodan başqa qapıçı Vikario Qulyelmo, müdafiəçilər Ben Devis, Van de Ven Mikki, hücumçular Vilson Odober və Riçarlison da zədədən əziyyət çəkirlər.

Xatırladaq ki, Kristian Romero “Tottenhem”ə 2021-ci ilin avqust ayında İtaliyanın “Atalanta” klubundan gəlib. O, cari mövsümdə bu komandanın heyətində 14 oyuna çıxıb, 1 qol vurub. Kristian London klubunda bütövlükdə 112 oyuna çıxıb, 7 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Kristian Romeronun Premyer Liqa təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər müqaviləsi var. O, daha öncə “Atalanta”, “Belqrano” və “Cenoa”da da oynayıb.

Kristian Romero 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasında meydana çıxdığı 40 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: