Ramiz Çovdarov: “Millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq”

Futzal üzrə Azərbaycan millisinin üzvü Ramiz Çovdarov federasiyanın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçiriləcək oyundan öncə həm milli komandamızdakı ab-havanı dəyərləndirib, həm də rəqib haqda danışıb.

Qeyd edək ki, Azərbaycan millisi dünən gecə oyunun keçiriləcəyi Levice şəhərinə çatıb. Komandamız oyundan öncə son məşqini bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) keçirəcək.

Ramiz Çovdarov uzun səfərə baxmayaraq, hazırda komandada yaxşı əhval-ruhiyyə olduğunu diqqətə çatdırıb: “Oyuna demək olar, tam hazırıq. Dünən gecə saatlarında oyunun keçiriləcəyi Levice şəhərinə çatdıq və bu gün axşam saatlarında oyunöncəsi son məşqimizə çıxacağıq. Heyətimizdə ciddi itkilər var. Rafael Vilela, Vassura, Hadi Ahmadi və Bolinya bu oyunda bizə kömək edə bilməyəcəklər. Komandamız üçün bu qədər futzalçının eyni vaxtda zədələnməsi itki hesab olunur. Əsas da “stolb” oyunçumuz azdır. Hazırkı heyətdə ancaq Xətai Bağırov bu mövqedə çıxış edir. Ona görə də taktiki planda dəyişikliklərin olacağı istisna edilmir. Çalışacağıq ki, onların yoxluğu oyunumuza və yekunda nəticəyə təsir etməsin.

Final mərhələsinə vəsiqəni təmin etmişik, amma tapşırığımız yekunlaşmayıb. Həm liderliyi təmin etmək baxımından, həm də reytinq xalları qazanmaq və millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq.

Rəqibin əsas “silah”ı Drahovskidir. Oyunu onun üzərində qururlar. Məncə, ona oynamağa imkan verməsək, əsas təhlükənin qarşısını almış olacağıq. İlk işimiz isə baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək, oyunumuzu ortaya qoymaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: