Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, o, buna ÇL-in 1/4 finalı çərçivəsində baş tutan Almaniyanın “Bavariya” klubu ilə səfər oyununda nail olub.
Münhendəki “Alyans Arena” stadionunda keçirilən qarşılaşma Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Fransa çempionunun heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu braziliyalı müdafiəçi Markinyos vurub.
UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, Mbappe tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.
Mbappe bu oyundakı ilk qolu 3-cü dəqiqədə, bir qədər də dəqiqləşdirsək, 149-cu saniyədə “Bavariya”nın qapısından keçirib. Bu, Münhen təmsilçisinin 2010-cu ildən sonra ÇL-də buraxdığı ən erkən qoldur. Almaniya nəhənginin bundan öncə buraxdığı ən erkən qola Ueyn Runi imza atmışdı.
Qeyd edək ki, Mbappe bu mövsüm ÇL-də 8 qola imza atıb. 22 yaşlı futbolçu qitənin ən nüfuzlu turnirində bütövlükdə 26 qol vurub, 15 məhsuldar ötürmə edib.


