Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri “Milan”ın və ABŞ millisinin sağ vingeri Kristian Pulişiç haqda fikrini açıqlayıb.
Arena.az Anrinin müvafiq qənaətini təqdim edir:
“Fikrimcə, Kristian Pulişiç – böyük oyunçudur, həqiqətən böyük oyunçudur. Ancaq siz onun kapitan qismində liderliyi haqda danışıqlara xitam verməlisiniz. Onu beləsi olmağa məcbur etmək gərək deyil. O, texniki liderdir”, deyə Tyerri Anri fikrini əsaslandırıb.
Xatırladaq ki, Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Pulişiç “rossoneri”nin heyətində 38 oyuna çıxıb, 15 qol vurub, 9 məhsuldar ötürmə verib.
Kristianın “Milan” karyerası ümumilikdə 88 oyun, 30 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku var.
Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 78 oyun keçirib, 32 qol vurub, 20 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı amerikan sağ cinah hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


