2024/2025-ci illər mövsümündə İtaliya A Seriyasında mart ayının ən yaxşı məşqçisinin müəyyən edilməsi üzrə səsvermə başa çatıb.
Arena.az İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir ki, mükafatı “Bolonya”nın 47 yaşlı italyan çalışdırıcısı Vinçentso İtalyano qazanıb.
Mart ayında İtalyanonun “Bolonya”sı “Kalyari” və “Verona” üzərində 2:1 hesablı qələbələr qazanıb, “Venesiya”nı 1:0 hesabı ilə məğlub edib, “Latsio”nu isə 5:0 hesabı ilə “kötəkləyib”.
Vinçentso İtalyano “Bolonya”nın sükanı arxasına 2024-cü ilin iyun ayında gətirilib. İtalyan mütəxəssisin “Bolonya” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə İtalyano “Bolonya”nı 41 oyuna çıxarıb, 19 qələbə, 14 heç-heç, 8 məğlubiyyət yaşayıb. Topların fərqi isə 62:43 nisbətindədir.
30 oyundan 56 xal toplamış “Bolonya” İtaliya A Seriyasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
İtalyano bu mövsüm ilk dəfədir A Seriyasında ayın ən yaxşısı seçilir. 2024/2025 mövsümünün əvvəlki aylarında ən yaxşı seçilmiş məşqçilərin siyahısı isə belədir:
Avqust 2024 – Paolo Vanoli Daversa (“Torino”)
Sentyabr 2024 – Antonio Konte (“Napoli”)
Oktyabr 2024 – Marko Baroni (“Latsio”)
Noyabr 2024 – Can Pyero Qasperini (“Atalanta”)
Dekabr 2024 – Simone İnzaqi (“İnter”)
Yanvar 2025 – Antonio Konte (“Napoli”)
Fevral 2025 – Klaudio Ranyeri (“Roma”)


