Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, mövsümün son turunun bütün görüşləri eyni günə təsadüf edib.
“Vulverhempton” – “Brentford” matçında qalib müəyyənləşməyib. Mövsümü çempion kimi başa vurmuş “Liverpul”un “Kristal Pelas”la ev oyununda da oxşar nəticə (1:1) qeydə alınıb.
“Mançester Yunayted” evdə “Aston Villa”ya, “Bornmut” isə “Lester Siti”yə 2 cavabsız qolla qalib gəlib.
“Mançester Siti” səfərdə “Fulhem”ə, “Çelsi” “Nottingem Forest”ə, “Arsenal” “Sauthempton”a qalib gəlib. “Tottenhem” evdə “Brayton”a, “İpsviç Taun” “Vest Hem”ə, “Nyukasl” da “Everton”a uduzub.
Beləliklə, “Liverpul” mövsümü 84 xalla çempion kimi başa vurub. “Arsenal” 74 xalla ikinci, “Mançester Siti” 71 xalla üçüncü olub. “Çelsi” 69, “Nyukasl” və “Aston Villa” 66, “Nottingem Forest” 65 xal toplayıb. İlk beşlikdə yer almış komandalar İngiltərəni gələn mövsüm UEFA Çempionlar Liqasında təmsil edəcəklər. Həmçinin 38 xalla 17-ci yeri tutmuş, lakin Avropa Liqasının qalibi olduğu üçün bu hüquqa yiyələnmiş “Tottenhem” də ÇL-də çıxış edəcək.
6-cı yeri tutmuş “Aston Villa” ilə 12-ci yerdə qərarlaşmış “Kristal Pelas” (53 xal) da Avropa Liqasına vəsiqə qazanıblar. “Kristal Pelas” buna İngiltərə Kubokunun qalibi olduğu üçün şans qazanıb.
65 xalla 7-ci olmuş “Nottingem Forest”i isə gələn mövsüm Konfrans Liqasında mübarizə gözləyir.
“Lester Siti” (25 xal), “İpsviç Taun” (22 xal) və “Sauthempton” (12 xal) da Premyer Liqanı tərk edərək Çempionşipə düşüblər.
İngiltərə, Premyer Liqa
38-ci tur
25 may
Bornmut – Lester Siti 2:0
Qollar: Semenyo, 74; 88.
Fulhem – Mançester Siti 0:2
Qollar: İ.Gündoğan, 21. E.Haland, 72-pen.
İpsviç Taun – Vest Hem 1:3
Qollar: Brodhed, 52 – Uord-Prouz, 43. Bouen, 55. M.Kudus, 87.
Liverpul – Kristal Pelas 1:1
Qollar: M.Salah, 84 – İ.Sarr, 9.
Mançester Yunayted – Aston Villa 2:0
Qollar: A.Diallo, 76. K.Eriksen, 87-pen.
Nyukasl – Everton 0:1
Qol: K.Alkaras, 65.
Nottingem Forest – Çelsi 0:1
Qol: Koluill, 50.
Sauthempton – Arsenal 1:2
Qollar: Stüart, 56 – Tirni, 43. Edeqor, 89.
Tottenhem – Brayton 1:4
Qollar: Solanke, 17-pen – Hinşelvud, 51; 64. Orayli, 88-pen. D.Qomes, 90+3.
Vulverhempton – Brentford 1:1
Qollar: Munetsi, 75 – Mbeumo, 20.



