Avropa Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olmuş İngiltərənin “Tottenhem” klubu dörd futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, ingilis qapıçılar – Freyzer Forster və Alfi Uaytmenlə başa çatan müqavilələrinin müddəti uzadılmayıb. Həmçinin ispaniyalı sol cinah müdafiəçisi Serxio Reqilonun da müqaviləsinin müddəti başa çatıb və klub rəhbərliyi onu komandada saxlamağa ehtiyac duymayıb.
İcarə əsasında bu komandada çıxış edən Timo Vernerin də saxlanılmaması qərara alınıb. Almaniyalı futbolçu müqavilə ilə məxsus olduğu “Leypsiq”ə qayıdıb.
2022-ci ildən London klubunda çıxış edən Freyzer Forster bu komandanın heyətində meydana çıxdığı 34 oyunda 54 qol buraxıb. 37 yaşlı qolkiper 8 matçda da qapısını toxunulmaz saxlayıb.
Alfi Uaytmen də 2022-ci ildən paytaxt klubunun uğurları üçün çalışırdı. 26 yaşlı qolkiper bu klubun əsas komandasında cəmi 1 oyun keçirib və qol buraxmayıb.
Serxio Reqilon 2020-ci ildən uğurları üçün çalışdığı London klubunda bütövlükdə 73 oyun keçirib. 28 yaşlı ispan müdafiəçi bu komandada 2 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
Timo Verner isə 2024-cü ilin yanvarından “Tottenhem”də çıxış edirdi. 29 yaşlı sol vinger bu komandada 41 oyun keçirib, 3 qol və 7 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Tottenhem” bu mövsüm Avropa Liqasının finalında “Mançester Yunayted”i minimal hesabla üstələyib – 1:0.


