Federiko Kyeza: “Yuventus”u hələ də sevirəm”

“Liveprul”un 27 yaşlı italyan sağ cinah hücumçusu Federiko Kyeza nə vaxtsa “Yuventus”a qayıdacağını təxmin edib.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, italyan futbolçunun müvafiq fikrini təqdim edir:

“Yuventus”? Mən bu klubu hələ də sevirəm. Ora qayıtmaqmı? Axı niyə də yox… Tiaqu Motta (“Yuventus”un keçmiş baş məşqçisi – redaktirun qeydi) məni orada görmək istəmirdi. O, mənə demişdi ki, mən onun planlarına daxil deyiləm və mənə, özümə yeni komanda tapmaq gərəkdir”, deyə Kyeza xatırlayıb.

Federiko Kyeza “Liverpul”a 2024-cü ilin avqust ayında “Yuventus”dan tamhüquqlu keçid əsasında qoşulub. Əməliyyat haqqı ilkin ödəniş və əlavə müavinətlərlə birlikdə 13 milyon avro məbləğ təşkil edib. Müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş 4 illik müqaviləyə əsasən, hücumçunun “Liverpul”dakı əməkhaqqı ildə 5 milyon avro məbləğindədir.

Federiko Kyeza “Fiorentina”nın məzunudur. “Yuventus” italyan cinah hücumçusunu əvvəlcə icarəyə alıb, sonra bir müddət elə, “bənövşələr”in heyətində icarədə oynadıb, 2022-ci ilin iyulunda isə 44,6 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz heyətinə qatıb.

2024/2025-ci illər mövsümündə Kyeza “Liverpul”un heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Federiko Kyeza 2018-ci ilin mart ayında debüt etdiyi İtaliya yığmasının heyətində 51 oyuna 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Kyezanın qənimətlər muzeyində “Yuventus”la qazandığı 2 İtaliya Kuboku (2020/2021 və 2023/2024) və İtaliya Super Kuboku (2020/2021), eləcə də “Liveprul”la İngiltərə çempionluğu (2024/2025) var. “Skuadra adzurra” ilə isə Kyeza 2020-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı italyan cinah hücumçusunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: