Robert Bauer və Rafael Quzzo da “Neftçi”yə lazım olmadı

“Neftçi” PFK daha iki futbolçusu – mərkəz müdafiəçisi Robert Bauer və mərkəz yarımmüdafiəçisi Rafael Quzzo ilə ilə yolları ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bauer və Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, Robert Bauer 2024-cü ilin iyulunda azad agent kimi “Neftçi”yə keçmişdi. 30 yaşlı almaniyalı müdafiəçinin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. O, “ağ-qaralar”ın heyətində cəmi 15 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Bauer daha öncə “Karlsrue”, “Sent-Trüden”, “Verder”, “İnqolştadt”, “Arsenal” (Tula), “Əl-Tai”, “Nürnberq” kimi klublarda da forma geyinib, Almaniyanın U-20 və Olimpiya yığmalarının uğurları üçün çalışıb.

Rafael Quzzo isə 2024-cü ilin avqustundan “Neftçi”nin sıralarında idi. Əslən Braziliyadan olan portuqaliyalı yarımmüdafiəçinin paytaxt klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var idi. 30 yaşlı futbolçu “Neftçi”nin heyətində meydana çıxdığı 15 oyunda heç bir məhsuldarlıq nümayiş etdirməyib.

Quzzo daha öncə “Çaves”, “Vizela”, “Reus Deportiu”, “Benfika”, “Tondela”, Qoyas”, “Famalikan” kimi klublarda da çıxış edib.

Xatırladaq ki, “Neftçi” daha öncə Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi və Rüstəm Samiqullinlə də vidalaşmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: