“Liverpul”un vingeri Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının (PFA) 2025-ci ilin ən yaxşı oyunçusu mükafatını qazanıb.
Arena.az xəbər verir ki, misirli futbolçu İngiltərə çempionatları tarixində bir mövsümdə beş fərdi mükafatı qazanmış ilk oyunçu kimi tarixə düşüb.
Belə ki, Salah İngiltərə Premyer Liqasının “Qızıl buts”unu, Premyer Liqanın ən yaxşı oyun qurucusu mükafatını qazanıb. O, 2024/2025-ci illər mövsümü üçün İngiltərə çempionatında ilin oyunçusu, Futbol Yazarları Assosiasiyasına (FWA) görə ilin ən yaxşı futbolçusu və PFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.
Əlavə edək ki, PFA 33 yaşlı hücumçunu ötən mövsümün simvolik komandasına da daxil edib. İngiltərə çempionatının ötən mövsümündə misirli futbolçu 38 matçda iştirak edib, 29 qol vurub, 18 məhsuldar ötürmə edib.
33 yaşlı hücumçu daha əvvəl 2017/2018 və 2021/2022-ci illər mövsümlərinndə ilin ən yaxşısı seçilmişdi.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində 2 oyuna çıxıb, 1 qol vurub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 403 oyun, 246 qol, 113 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 103 oyun keçirib, 58 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


