“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Liverpul”un mərkəz müdafiəçisi Covanni Leoni ciddi zədə alıb.
Arena.az xəbər verir ki, çarpaz bağları qopmuş 18 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.
O, İngiltərə Liqa Kubokunun 3-cü turu çərçivəsində qarşılaşdıqları “Sauthempton”la oyunda zədələnib. Komandasının 2:1 hesablı qələbəyə sevindiyi oyunda Leoni “Liverpul”un əsas komandasında debüt edib. Lakin onun debütünü məhz aldığı ciddi zədə korlayıb. Futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal edilir.
Xatırladaq ki, Covanni Leoni “Liverpul”a bu yay İtaliyanın “Parma” klubundan 31 milyon avro müqabilində keçib. İtaliyalı müdafiəçinin İngiltərə nəhəngi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi var.
Leoni peşəkar karyerasına “Padova”da başlayıb. “Sampdoriya”da da oynamış futbolçu “Parma”ya 2024-cü ilin yayında 7,9 milyon avro müqabilində keçmişdi. O, “Parma”nın heyətində 17 oyuna çıxıb, 1 qola imza atıb.
Covanni İtaliyanın U-18 yığmasında oynayıb, hazırda isə U-19-a dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


