“Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın yeni transferi, isveçli hücumçu Aleksander İsakın idman formasını qiymətləndirib.
Arena.az niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz onu, idman forması nöqteyi-nəzərindən heç də ən yaxşı halında əldə etməmişik, ona görə də müvafiq bərpa mərhələsini tədricən həyata keçirmək gərəkdir. Amma hazırda mən gördüyümdən çox razıyam”, deyə Arne Slot vurğulayıb.
İsak da özünün idman forması ilə bağlı açıqlama verib. İsveçli futbolçunun müvafiq açıqlamasını təqdim edirik:
“Mən özümü formaya salmaq yolundayam. Oyun vaxtı almağım xoş oldu. Əsas məqsədim – qalib gəlməkdir. Bu, mənim əsas üstünlüyümdür”, deyə İsak vurğulayıb.
Xatırladaq ki, İsak İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutmuş “Sauthempton”la ev oyununda (2:1) qolla fərqlənib.
“Liverpul” İsakı bu yay İngiltərənin digər klubu “Nyukasl”dan 144 milyon avro müqabilində heyətinə cəlb edib. 26 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Aleksandr İsak daha öncə “Nyukasl”, “Real Sosyedad”, AİK, “Villem II”, “Borussiya” (Dortmund) klublarında da çıxış edib.
Aleksandr İsak 2017-ci ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 53 oyun keçirib, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli hücumçunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.


