Futbol üzrə İngiltərə çempionu “Liverpul” yeniyetmə hücumçusu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Mersisayd akademiyasının 17 yaşlı oyunçusu ilə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. Amma müqavilənin müddəti və digər şərtləri barədə ictimaiyyətə ətraflı məlumat verilməyib.
Xatırladaq ki, Rio Nqumoa futbola “Çelsi”də başlasa da, “Liverpul”un yetirməsi hesab edilir. O, bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda 4 oyuna çıxıb. Nqumoa hətta Premyer Liqanın 2-ci turu çərçivəsində qarşılaşdıqları “Nyukasl”la oyunda (3:2) komandasının qələbə qolunu vurub.
Qeyd edək ki, Nqumoa cari mövsüm “Liverpul”da debütünü İngiltərə Kuboku çərçivəsində “Akrinqton”la matçda (4:0) edib.
Nqumoa İngiltərənin U-15 və U-16 yığmalarında oynayıb, hazırda isə U-17-yə dəvət alır.
“Transfermarkt” internet-portalı 17 yaşlı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


