“Kristal Pelas”a rəhbərlik edən avstriyalı mütəxəssis Oliver Qlasner İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Qlasnerli “Kristal Pelas” sentyabr ayında Premyer Liqa çərçivəsində keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. Bu qələbələrdən birinin son çempion “Liverpul” üzərində (2:1) qazanılması isə avstriyalı mütəxəssisin mükafata layiq görülməsində həlledici rol oynayıb.
Qlasner karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. Cari mövsümdə ilk belə mükafat “Liverpul”u çalışdıran Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi.
“Kristal Pelas” bu mövsüm Premyer Liqada keçirdiyi 7 oyunda 12 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Oliver Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”a rəhbərlik edir. 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 73 oyuna çıxarıb, 36 qələbə, 21 heç-heçə və 16 məğlubiyyət görüb.
Avstriyalı mütəxəssis əvvəllər “Rid”, LASK, “Volfsburq” və “Ayntraxt”da da baş məşqçi kimi çalışıb.



