Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Neftçi” 3 futbolçusu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Keysuke Honda, Ahmed Ahmedov və Rener Alveşlə yollarını ayırıb.
Bu barədə komandanın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə açıqlamasında bildirib.
Abasovun sözlərinə görə, Hondanın müqavilə müddəti başa çatıb. Yaponiyalı futbolçu karyerasını bu klubda davam etdirmək istəmədiyi üçün ayrılıb.
Çempionluq qolunu vuran Ahmed Ahmedov isə müqavilə ilə məxsus olduğu Sofiya ÇSKA-sına qayıdacaq. Məşqçilər korpusu onu saxlamaq istəməyib.
Heyətə düşməyən Rener Alveşin gedişi isə hələ bir müddət əvvəldən dəqiqləşmişdi.
Samir Abasov legioner hücumçu transfer edəcəklərini əlavə edib. O həmçinin digər mövqelərə də yerli və əcnəbi futbolçular axtardıqlarını söyləyib.


