Futbol üzrə İngiltərə Kubokunun 1/4 finalında “Liverpul” ilə oyun “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, “şəhərlilər” ilk dəfə ispan mütəxəssisin rəhbərliyi altında ardıcıl üç oyunda Mersisayd təmsilçisinə qalib gəliblər.
Sözügedən komanda daha əvvəl bu rəqibini Premyer Liqada 2:1 və 3:0 hesabı ilə üstələmişdi. Bu dəfə isə Mançester təmsilçisi 4:0 hesabıyla qalib gəlib.
Yeri gəlmişkən, “Liverpul” cari mövsümdə məğlubiyyətlərin sayına görə son 11 ilin ən pis nəticəsini göstərib. İngiltərə Kubokunun 1/4 finalında “Mançester Siti”yə uduzan komanda mövsüm üzrə bütün turnirlərdə 15-ci məğlubiyyətini yaşayıb.
Bu göstərici klubun sonuncu dəfə 2014/2015-ci illər mövsümündə, Brendan Rocersin rəhbərliyi altında 18 dəfə uduzduğu dövrdən bəri ən zəif nəticədir. Cari mövsüm komanda üçün son onilliyin ən uğursuz mərhələlərindən biri kimi qiymətləndirilir.
Bundan başqa, bu məğlubiyyət “Liverpul”un İngiltərə Kubokundakı ən ağır məğlubiyyətlərindən biri olub. Komanda tarixində yalnız bir dəfə, 1945/1946-cı illər mövsümündə “Bolton”a 0:5 hesabı ilə daha böyük fərqlə uduzub.


